Ərdoğan Orbanla Vaşinqtonda görüşdü | Liderlər nədən danışdı?
ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanla görüşüb.
Türkiyə Prezident Administrasiyasının yaydığı məlumata görə, liderlər ölkələr arasında ikitərəfli münasibətləri, Türkiyənin Avropa İttifaqına daxil olması prosesini, həmçinin regional və qlobal problemləri müzakirə ediblər.
Görüş zamanı R.T.Ərdoğan ölkəsinin Rusiya-Ukrayna müharibəsinə və İsrailin Qəzza zolağına hücumlarına son qoymaq üçün sülh səylərini davam etdirdiyini açıqlayıb.
Onun sözlərinə görə, sözügedən bölgələrdə sülhün bərqərar olması üçün beynəlxalq ictimaiyyət tərəfindən atılan addımların gücləndirilməsi çox vacibdir.
Prezident onu da vurğulayıb ki, rəsmi Ankara Macarıstanın İttifaqdakı sədrliyi dövründə Türkiyənin Avropa İttifaqına daxil olması prosesinin sürətləndirilməsinə və təşkilat ilə əlaqələrin inkişafına dəstək verilməsinə ümid edir.