Ermənistanda gərginlik pik həddə çatdı | Kimlər həbs olundu?
Ermənistanda ölkənin Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları davam edir.
Paytaxt İrəvanda etirazçılarla polis qüvvələri arasında vəziyyət getdikcə daha da kəskinləşir.
Belə ki, baş verən toqquşmalarda aksiya iştirakçılarına qarşı xüsusi avadanlıqlar arasında yalnız səs bombası deyil, həmçinin qəlpəli qumbaralardan da istifadə olunub. Bu barədə iğtişaşların siması və təşkilatçısı keşiş Baqrat Qalstanyan məlumat yayıb.
Qeyd edək ki, aksiyalarda xəsarət alan yüzlərlə insana ilkin tibbi yardım göstərilib. Bundan əlavə, iğtişaşlarda cinayət törətmək ittihamı ilə daha 28 nəfər saxlanılıb. Onlar paytaxtın müxtəlif polis bölmələrinə təhvil veriliblər. Nəzarətə götürülən şəxslər arasında Aqarsin məbədinin keşişi Samvel Mxitaryan da var. Bundan əlavə, iğtişaşların aktiv iştirakçılarından biri olan Suren Petrosyan da axtarışdadır.
Bütün bunların fonunda etirazçılar parlamentin binası yaxınlığında qurduqları çadır şəhərciyini söküblər. Səbəb isə Baqrat Qalstanyanın çadırlara ehtiyac olmadığını deməsi olub. O həmçinin bildirib ki, etirazların miqyasının artması məqsədilə 17 iyun tarixində parlamentin önündə yenidən aksiya təşkil olunacaq.