İspaniyadakı daşqınlarda həlak olanlara görə matəm elan edildi | Tədbirlər ləğv edildi
İspaniya hökuməti daşqınlar nəticəsində onlarla insanın ölümünə görə oktyabrın 31-dən noyabrın 2-dək 3 günlük matəm elan edib.
Bu barədə ərazi siyasəti naziri Anxel Viktor Torres Böhran Komitəsinin iclasından sonra jurnalistlərə bildirib.
Məlumata görə, İspaniyanın şərqində güclü yağış və daşqınlara səbəb olan fırtına nəticəsində 72 nəfər həlak olub.
Səlahiyyətlilərin məlumatına görə, Valensiya və Kastiliya-La-Mança güclü yağışların yaratdığı daşqınlardan ən çox zərər çəkən bölgələrdir.
Ölkənin Müdafiə Nazirliyi bir çox yaşayış məntəqələrini basan palçıq təmizləndikdən sonra daha çox cəsədin tapılacağı və ölənlərin sayının artacağı ehtimalı ilə əlaqədar səyyar morqlar təklif edib. Yağışlar 155 min nəfərə təsir edən elektrik kəsintilərinə, şərq və cənub-şərq əyalətlərində yolların bağlanmasına səbəb olub.
Oktyabrın 30-da məktəblərdə dərslər, eləcə də bu tarixə təyin olunan idman tədbirləri ləğv edilib, parklar bağlanıb. Ölkənin cənub-şərqinə yağan güclü leysan yağışları nəticəsində bir çox ərazilər su altında qalıb, dəmir yolu və hava nəqliyyatının fəaliyyəti pozulub. Bəzi yerlərdə yağıntının günlük miqdarı aylıq normadan çox olub.
Madridlə Valensiya arasında və Barselonaya gedən Aralıq dənizi dəhlizində yüksəksürətli dəmir yolu xidməti bütün gün dayandırılıb. Onlarla aviareys təxirə salınıb. Xilasetmə işləri davam edir, prosesə yüzlərlə hərbçi də cəlb olunub.
İspaniya Milli Meteorologiya Xidməti güclü yağışların qeydə alındığı region üçün qırmızı – ən yüksək hava xəbərdarlığı elan edib. Sinoptiklərin məlumatına görə, yağışlar azı oktyabrın 31-nə qədər davam edəcək.