İsrail ordusu od püskürdü: Netanyahunun yalanı üzə çıxdı
Oktyabrın 10-da sosial şəbəkələrdə İsrailin Baş naziri Benyamin Netanyahunun oğlu Avner Netanyahunu cəbhəyə yola salmasını əks etdirən fotoların köhnə olduğu müəyyən edilib.
Bu barədə xarici mətbuat məlumat verib. Bildirilib ki, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan məşhur foto 9 il əvvəl B.Netanyahunun oğlu ilə vidalaşarkən çəkilib.
Birləşmiş Krallığın “The Times” nəşri isə hökumət başçısının ailəsi ilə bağlı başqa bir məqama toxunub. Bildirilib ki, hökumət rəhbərinin 32 yaşında digər oğlu Yair Netanyahu İsrail-HƏMAS toqquşması fonunda Mayamidə istirahətdədir və bu da birmənalı qarşılanmayıb. Baş nazirin oğlunun ehtiyatda olan hərbçilərin HƏMAS-a qarşı döyüşdüyü bir vaxtda Mayamidə olduğu üçün ciddi şəkildə tənqid edildiyi bildirilib.
Qeyd edək ki, İsrailin səfərbərlik qaydalarına əsasən, 32 yaşlı Yair Netanyahu cəbhəyə göndərilmək üçün yararlı hesab edilir. İsrail-HƏMAS müharibəsi başladığı vaxtdan indiyədək İsrail tərəfdən azı 360 000 nəfər döyüşmək üçün cəbhəyə səfərbər edilib.