İsrailin növbəti hədəfi hansı ərazidir? | Yaxın Şərqdə son vəziyyət
İsrail Müdafiə Ordusu regionda təhdidlərin və hücumların artması bəhanəsi ilə İordan çayının qərb sahilində genişmiqyaslı hərbi əməliyyat keçirməyə hazırlaşır.
Bu barədə yerli KİV məlumat yayıb.
Hətta iddiaya görə, buna səbəb fələstinlilərin nəzarətində olan bu ərazidə israilli qadının oğurlanması olub. Belə ki, İsrail Ordusu bir müddət əvvəl sözügedən bölgədə insan oğurluğu barədə məlumat aldığını açıqlayıb.
Bildirilib ki, dərhal əraziyə xüsusi qüvvələr cəlb olunub, yollarda hərəkət məhdudlaşdırılıb və axtarış-xilasetmə əməliyyatı aparılıb. Hərbçilər atəş açaraq maşının içərisində olan şəxsləri həbs ediblər.
SAXAL-ın sosial şəbəkə hesabında etdiyi paylaşımda da bu informasiya öz əksini tapıb. Lakin bir qadının kömək hayqırtısı ilə bölgəyə gələn əməkdaşlar tərəfindən məsələnin oğurluqla bağlı olduğu təsdiqlənməyib.
Maraqlısı isə odur ki, bir qədər sonra sözügedən məlumatın yalan olduğu açıqlanıb. Müəllifin iddiasına görə, bütün bunlar İsrailin İordan çayının sahilində yeni hücum əməliyyatı keçirəcəyinə dair şübhələr yaradıb. Baxmayaraq ki, sözügedən ərazi dəfələrlə İsrailin hədəflərindən biri olub.
Məlumat üçün bildirək ki, indiyədək sözügedən bölgəyə edilən hücumlar nəticəsində ölənlərin sayı 650 nəfəri ötüb. Əgər genişmiqyaslı hücum baş tutarsa, bu, bölgədə növbəti fəlakətə səbəb olacaq.