Kobaxidzedən səsvermə ilə bağlı mühüm açıqlama | Zurabişvili nəyi elan edəcək?
“Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyası 26 oktyabr parlament seçkilərində bir milyondan çox səs toplamağı hədəfləyir”.
Bunu jurnalistlərə açıqlamasında ölkənin Baş naziri İrakli Kobaxidze deyib.
Hakim partiyanın yalnız dövlət işçiləri tərəfindən deyil, cəmiyyətin böyük əksəriyyəti tərəfindən dəstəkləndiyini qeyd edən Baş nazir həmçinin vurğulayıb ki, Gürcüstana qarşı sanksiyalar səmərəsizdir.
O, sanksiya tətbiq edilən iki yüksək vəzifəli polis zabitinin 2008-ci ildə Rusiyaya qarşı müharibədə iştirak etdiyini də deyib.
Hökumət başçısı ölkə Prezidenti Salome Zurabişvilinin texniki hökumət elan edəcəyi ilə bağlı sualı da cavablandırıb. Bildirib ki, bir ay ərzində dövlət başçısına qarşı impiçment prosesi elan olunacaq.
Xatırladaq ki, Salome Zurabişvili seçkilərdən sonra ölkənin keçid dövrünün təmin edilməsi məqsədilə təklif etdiyi “texniki hökumət”in tərkibini elan edəcəyini, onun üzvlərinin siyasətçi olmayan şəxslərdən təşkil olunacağını bəyan edib.