Krım alt-üst oldu: Tufan yarım milyon insanı işıqsız qoydu
Krım yarımadasında baş verən güclü tufan nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.
Bu barədə Krım rəhbəri Sergey Aksenov məlumat verib. Bildirib ki, güclü qasırğa səbəbindən yarımadada fövqəladə vəziyyət elan olunub.
Qeyd edək ki, noyabrın 26-dan başlayaraq Krımda müşahidə olunan fırtınalı külək bölgənin yarım milyon sakinini elektrik enerjisiz qoyub. İçməli suyun tədarükündə isə fasilələr yaranıb. Yarımadanın Sevastopol şəhərində isə təbii fəlakət nəticəsində divar park edilmiş avtomobillərin üzərinə uçub.
Pis hava şəraiti 3 binanın fasadına, 20 evin dam örtüyünə, 17 avtomobilə ziyan vurub, 63 ağac aşıb. Şəhərdə nəqliyyatın hərəkəti dayandırılıb. Bu barədə şəhərin qubernatoru Mixail Razvojayev bildirib. Onun sözlərinə görə, qasırğaya baxmayaraq istismar və kommunal xidmətlər gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirir.