Londonun Avropa ilə gələcək münasibətləri üçün yeni variantlar hazırlanır? - Baku TV
Böyük Britaniyanın Baş naziri Endi Börnhem ölkənin Avropa İttifaqı (Aİ) ilə uzunmüddətli münasibətlərinin yenidən formalaşdırılması çərçivəsində quruma təkrar qoşulmağın da mümkün variantlardan biri kimi nəzərdən keçirilə biləcəyini bildirib.
Baş nazir BBC-yə müsahibəsində mövcud “Brexit” modelinin ölkəyə xeyirdən çox zərər verdiyini deyib və Avropa ilə münasibətlərin yaxşılaşdırılması üçün hansı addımların real şəkildə mümkün olduğunu araşdırmaq istədiyini söyləyib.
O, bir gün əvvəl Leyboristlər Partiyasının illik konfransındakı çıxışında ilin sonuna planlaşdırılan Böyük Britaniya–Aİ sammiti ərəfəsində ölkənin Avropa ilə gələcək münasibətlərinə dair müxtəlif variantları ictimaiyyətə təqdim edəcəyini bildirmişdi.
Baş nazir Böyük Britaniyanın ən böyük bazarı olan Avropa ilə uzunmüddətli münasibətlərinin aydınlaşdırılmasının vacibliyini vurğulayıb. Ötən həftə Börnhem növbəti ümumi seçkilərdə Aİ-yə yenidən qoşulmaq üçün mandatın istənilməsi ehtimalını da istisna etməmişdi.
Bununla belə, Makerfield dairəsində keçirilən əlavə seçkilər zamanı o, “Brexit” müzakirələrini yenidən başlatmaq niyyətində olmadığını və Böyük Britaniyanın Aİ-yə qayıtmasını təklif etmədiyini bildirmişdi.
Baş nazirin son açıqlamaları Leyboristlər Partiyasının 2024-cü il seçki manifestindəki mövqedən mümkün dəyişiklik kimi qiymətləndirilir. Həmin manifestdə Aİ-yə, eləcə də vahid bazar və gömrük ittifaqına yenidən qoşulmaq istisna edilmişdi.
Mühafizəkarlar isə hökumətin bu yanaşmasını tənqid edərək bunun “Brexit”lə bağlı əvvəlki siyasi mübahisələri yenidən gündəmə gətirə biləcəyini bildiriblər.
#Böyük Britaniya teqi istifadə olunub
- Britaniyanın Avropa İttifaqına qayıtması ehtimalına Makron müsbət münasibət bildirib
- Böyük Britaniyanın 10 il sonra Avropa İttifaqına qayıtması mümkündürmü?
- İlham Əliyev Britaniya ilə müdafiə sənayesi sahəsində əməkdaşlığa başlanıldığını bildirib - 24 SAAT
- London Moskvadan gələn təhlükə səbəbindən son 35 ilin ən təhlükəli dövrünü yaşayır - Baku TV CANLI
- Moskva ilə London arasında gərginlik | Böyük Britaniyanı hansı cavab gözləyir? - Baku TV CANLI
