Ölkəni talayan erməni məmur
“Ermənistanın sabiq müdafiə nazirinin müavini Alik Mirzabekyan və onun ailəsi bir milyard dram, yəni 2 milyon 477 min 277 dollar məbləğində yeyintini dövlətə qaytarmalıdır”.
Yerli medianın məlumatına görə, bu barədə qərar ölkənin Baş Prokurorluğu tərəfindən aparılan istintaq tədbirlərindən sonra verilib.
Bildirilib ki, əks halda, onun əmlakı müsadirə olunacaq. Baş Prokurorluqdan verilən digər məlumata görə, sabiq məmur dövlətdən mənimsədiyi pullarla dəyəri 10 milyon dollar olan 10 obyekt, qiyməti 25 min dollar olan avtomobil, 500 min dollar dəyərində isə səhmlər alıb. Bundan başqa, o, 230 min dolları da öz hesabına yerləşdirib.
Məlumatda həmçinin istintaq işinin davam etdirilməsi üçün bütün sənədlərin artıq korrupsiya ilə mübarizə idarəsinə göndərildiyi də bildirilir.
Qeyd edək ki, sabiq general A.Mirzabekyan Ermənistan Silahlı Qüvvələrinin bir neçə uğursuz layihələrinin xaç atası sayılır. Bu səbəbdən də o, Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan tərəfindən vəzifəsindən azad olunub.