Onların sadəcə 72 saatı var | Venesuela Prezidenti
Venesuela Prezidenti Nikolas Maduro BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının məsləhət bürosunun ölkədə fəaliyyətini dayandırmasına münasibət bildirib.
Deyib ki, təşkilat nizamnaməsinə uyğun fəaliyyət göstərmir və sadəcə qarışıqlıq yaratmaqla məşğuldur.
Prezidentin sözlərinə görə, sözügedən qurum Venesuelanın müstəqilliyi və suverenliyi ilə barışmadan, həmçinin baş verən proseslərə görə üzr istəmədən bu ölkəyə qayıtmayacaq:
"Bu ofis birdən-birə ölkələrin ehtiyac duyduğu hüquqi islahatları təklif edən, qurumların təkmilləşməsi üçün məsləhətlər verən bir təşkilat olmaqdan çıxdı. Sözügedən qurum sui-qəsd və daxili çaxnaşmaların olduğu bir yerə çevrildi.
Biz baş verən prosesləri səbirlə izlədik. Dəfələrlə məsələ ilə bağlı onlara xəbərdarlıq etdik. Lakin daha sonra bu ofis terrorçuların hüquqlarının qorunduğu bir büroya və ölkədə çevrilişə cəhd edən sui-qəsdçilərin haqlarının qorunduğu bir məkan rolunu oynamağa başladı.
Onlar BMT Nizamnaməsinin şərtlərini pozdular. Onlar hazırda tələblərə cavab vermək üçün burada deyillər. Biz bildirdik ki, onların sadəcə 72 saat vaxtı var. Əməkdaşların hamısı ölkəni tərk etdilər. Bunu da vurğulamaq istəyirəm ki, bu şəxslər BMT-nin qanunlarına hörmət etmədən, Venesuelanın müstəqilliyi və suverenliyi ilə barışmadan, həmçinin baş verən proseslərə görə üzr istəmədən bu ölkəyə qayıtmayacaqlar".
Məlumat üçün bildirək ki, Venesuela hökuməti Prezidenti, o cümlədən ölkənin siyasi xadimlərini öldürmək üçün dövlət çevrilişi cəhdlərində, sui-qəsdlərdə iştirak edən şəxslərə qarşı heç bir tədbir görmədiyinə görə sözügedən büronun fəaliyyətini dayandırıb.