Peskovdan Trampın qalib olması ilə bağlı qalmaqallı açıqlama | Gündəmi silkələyən sözlər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-də keçirilən prezident seçkilərində qələbə qazanan Donald Trampı təbrik edib.
Dövlət başçısı “X” sosial şəbəkəsindəki hesabında paylaşım edərək ABŞ xalqının iradəsi ilə başlanan yeni dövrdə Türkiyə-ABŞ münasibətlərinin güclənəcəyinə və ilk növbədə Fələstin məsələsi, Rusiya-Ukrayna münaqişəsi olmaqla, regional və qlobal böhranlara, həmçinin müharibələrə son qoyulacağına ümid etdiyini ifadə edib.
Türkiyə Prezidenti eyni zamanda seçkilərin nəticələrinin ABŞ xalqına və bütövlükdə bəşəriyyətə faydalı olmasını diləyib.
Ermənistanın Baş naziri Nikol Paşinyan da D.Trampı təbrik edib.
“Mən ümumi dəyərlərimiz, prioritetlərimiz və maraqlarımız əsasında strateji ikitərəfli münasibətlər qurmaq üçün sizinlə işləməyi səbirsizliklə gözləyirəm”, – deyə Baş nazir “X” hesabında paylaşım edib.
ABŞ-nin yeni Prezidentini təbrik edənlər arasında Salvador Prezidenti Nayib Bukele, Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa lideri Emmanuel Makron, İsrailin Baş naziri Benyamin Netanyahu, Macarıstanın Baş naziri Viktor Orban, NATO Baş katibi Mark Rutte, Gürcüstan hökumətinin başçısı İrakli Kobaxidze də var.
Rusiya Prezidenti Vladimir Putin isə D.Trampı prezident seçkisində qələbəsi münasibətilə təbrik etməyi planlaşdırmır. Bu sözləri Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
“Gəlin unutmayaq ki, söhbət həm birbaşa, həm də dolayısı ilə dövlətimizə qarşı müharibəyə cəlb olunan dost olmayan ölkədən gedir”, – deyə D.Peskov qeyd edib.