Tbilisidəki aksiyalara xüsusi təyinatlılar cəlb olundu | Etirazlar səngimir
Gürcüstanda vəziyyət gərgin olaraq qalır.
Mayın 14-ü səhər saatlarından etibarən Tbilisidə parlament binası qarşısına toplanan nümayişçilər bu dəfə mərkəzi Rustaveli prospektini bağlayıblar. Əraziyə çox sayda xüsusi təyinatlı qüvvələr və su şırnaqları vuran maşınlar cəlb edilib.
Aksiya iştirakçıları isə qanun layihəsi geri çəkilənədək etirazlarını davam etdirəcəklərini bildiriblər.
“Aksiyaya 4 yaşlı övladımın oyuncağı ilə gəlmişəm. Bəlkə, bu oyuncağın səsi ilə öz səsimi hökumətə çatdıra bildim. Bizim vətəndaş olaraq tələbimiz rus qanununun geri çəkilməsidir”, – aksiya iştirakçısı söyləyib.
Məlumat üçün bildirək ki, mayın 14-də ölkə parlamentində keçirilən plenar iclasda “Xarici təsirin şəffaflığı haqqında” Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. Qanun layihəsinin lehinə 84, əleyhinə 30 deputat səs verib. Sənəd imzalanması üçün prezidentə təqdim olunacaq.