Türkiyədə bələdiyyə seçkilərinin ölkə üzrə nəticələri açıqlandı
Türkiyədə keçirilən bələdiyyə seçkilərində verilən səslərin 99 faizindən çoxu hesablanıb. Ölkə üzrə sandıqların 99,37 faizi açılıb.
Səsvermənin ölkə üzrə nəticələrinə əsasən, Cümhuriyyət Xalq Partiyası 37,71 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası isə 35,53 faizlə ikinci sıradadır.
Paytaxt Ankarada Cümhuriyyət Xalq Partiyasının namizədi Mansur Yavaş 60,29 faizlə öndədir.
İstanbulda da Cümhuriyyət Xalq Partiyasından Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlu 51,05 faizlə birinci yerdədir.
Ədalət və İnkişaf Partiyası namizədlərindən 24-ü, Cümhuriyyət Xalq Partiyası namizədlərindən isə 35-i ölkənin müxtəlif şəhərlərinin bələdiyyə başçısı vəzifəsinə seçilib.
Qeyd edək ki, Türkiyənin Ali Seçki Komissiyası seçkilərin yekun nəticələrini bu gün elan edəcəyini açıqlayıb.