Ukraynanın PUA hücumunun məqsədi ortaya çıxdı | Rusiya MN-dən təcili açıqlama
Volodimir Zelenskinin ABŞ-yə səfəri fonunda Kiyev rejimi Avropa ölkələrinə qaz tədarükünü dayandırmaq üçün Kubandakı “Türk axını” qaz kəmərinin kompressor stansiyasına üç PUA ilə hücum etməyə cəhd edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bütün dronlar Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən zərərsizləşdirilib. Kompressor stansiyası normal fəaliyyətini davam etdirir.
Rusiya Müdafiə Nazirliyinin məlumatında qeyd olunub ki, Kiyevin PUA hücumunun məqsədi Avropa ölkələrinə qaz tədarükünü dayandırmaq olub. Həmçinin qeyd edilib ki, Ukrayna bundan öncə də iki dəfə Rusiya infrastrukturuna hücum etməyə cəhd edib. Yanvarın 11-də “Russkaya” stansiyasına və fevralın 17-də Kropotkinskdəki Xəzər Boru Kəməri Konsorsiumunun obyektinə PUA hücumu edilib.
