Qeysəriyyə əməliyyatı olunan qadın həyatını itirdi - Baku TV
31 yaşlı qadın əməliyyatdan bir müddət sonra həyatını itirib.
Zərdab rayon sakini olan Səkinə Yusifova iyulun 16-da Göyçayda qeysəriyyə yolu ilə uşaq dünyaya gətirəndən sonra onun vəziyyəti pisləşib. Qadın Bakıda Respublika Klinik Xəstəxanasına yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, sentyabrın 30-da 1995-ci il təvəllüdlü şəxs (qadın) ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona çoxocaqlı ensefalit (beyin toxumasının müxtəlif sahələrində iltihabi proseslə müşayiət olunan xəstəlik) diaqnozu təyin olunub:
“Pasiyentə göstərilən müalicə və intensiv terapiya tədbirlərinə baxmayaraq, ümumi vəziyyətində müsbət dinamika müşahidə olunmayıb. Tənəffüs funksiyalarının pozulması ilə əlaqədar olaraq pasiyent süni tənəffüs aparatına qoşulub. Növbəti mərhələdə pasiyentdə ağciyər-ürək çatışmazlığı inkişaf edib. Pasiyent aparılan reanimasiya tədbirlərinə cavab verməyib və 3 oktyabr saat 08:10 radələrində bioloji ölüm faktı qeydə alınıb”.
Faktla bağlı araşdırma aparılır.
