"Barselona" və "Siti"nin oyunlarında gözlənilməz nəticə
UEFA Çempionlar liqasında 6-cı tura yekun vurulub.
Gecənin maraqla gözlənilən qarşılaşmalarından biri “Borussiya” və “Barselona” arasında olub. Dortmunddakı “Siqnal İduna Park” arenasında keçirilən oyunun ilk hissəsində hesab açılmayıb.
53-cü dəqiqədə Rafinya “sarı qaralar”ın azarkeşlərini məyus edib. Çox keçmədən Seru Qirassi 11 metrlik cərimə zərbəsindən hesabı bərabərləşdirib.
75-ci dəqiqədə Ferran Torres 2-ci topu meydan sahiblərinin qapısına göndərib. 3 dəqiqə sonra Qirassi dublunu rəsmiləşdirib. Bununla belə “Barsa” qələbə qolunu vurmağa müvəffəq olub. Torres matçda son nöqtəni qoyub. “Borussiya” – “Barselona”: 2-3.
Daha bir maraqlı qarşılaşma “Yuventus” və “Mançester Siti” arasında baş tutub. “Alyans Arena”da keçirilən oyun “qoca sinyora”nın 2-0 hesablı qələbəsi ilə bitib. İtaliya təmsilçisinin qollarını Duşan Vlahoviç və Ueston Makkenni vurublar. Bu nəticədən sonra “Siti” son 10 görüşdə 7-ci dəfə məğlubiyyətlə üzləşib.
Şəhərlilərdən fərqli olaraq İngiltərənin digər klubu “Arsenal” 6-cı turu qalibiyyətlə tamamlayıb. “Emireyts Stedium”da “Monako”nu qəbul edən “Topçular” 3 xalı 3 cavabsız qolla qazanıblar. Komandanın heyətində dubl edən Bukayo Saka ilə yanaşı, Kay Haverts fərqlənib.
Bu nəticələrdən sonra Liqa mərhələsinin yarış cədvəlinə 18 xalla “Liverpul” başçılıq edir.