Bu, Macarıstanla əməkdaşlığın önəmli bir göstəricisidir | Ceyhun Bayramovdan açıqlama
“Macarıstanın enerji şirkəti olan MOL Azərbaycanın ən böyük qaz layihəsi olan “Şahdəniz” yatağında iştirakçı qismində olacaq”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı Peter Siyarto ilə keçirdiyi mətbuat konfransında deyib.
XİN rəhbəri xatırladıb ki, hazırda MOL şirkəti “Azəri-Çıraq-Günəşli” layihəsində 9,57 %, "Bakı-Tbilisi-Ceyhan" layihəsində 8,9 % paya malikdir.
Nazir qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması nəticəsində Azərbaycan qazının Avropa bazarına çıxması ilə Macarıstanla danışıqlara başlanıldı və sevindirici hal odur ki, fiziki olaraq Azərbaycan qazı artıq Macarıstana çatır.
“Eyni zamanda biz Macarıstanla birlikdə “Həmrəylik Halqası” deyilən, Avropanın bir çox ölkələrini əhatə edən, daxili boru xətlərinin vahid sistemini yaradan layihədə birlikdə iştirak edirik. Hesab edirik ki, həmin layihənin reallaşması Azərbaycan qazının bir sıra Avropa ölkələrinə daha rahat çatmasına şərait yaradacaq”, – C.Bayramov deyib.