Enerji qiymətlərinin dəyişimi ölkədə hansı təhlükəni yaradır?
2024-cü ildə Azərbaycan iqtisadiyyatında artımın davam edəcəyi proqnozlaşdırılır.
Mərkəzi Bankın proqnozlarına görə, 2024-cü ildə iqtisadi artımın 3-3,5 faiz, o cümlədən qeyri neft-qaz sektoru üzrə 5-5,5 faiz civarında olacağı gözlənilir.
Növbəti ildə də işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa-quruculuq işləri iqtisadi artıma müsbət təsir göstərəcək. Ölkədə makroiqtisadi sabitliyin qorunması iqtisadi artım proqnozunun reallaşmasının əsas şərtlərindən biri olacaq.
Mərkəzi Bankın bəyanatında deyilir ki, 2024-cü ildə illik inflyasiyanın 5-5,5 faiz aralığında olacağı gözlənilir. Qurum 2024-cü ildə də pul siyasəti qərarlarının qəbulu zamanı valyuta bazarında gedən prosesləri nəzərə alacaq. Mərkəzi Bank zəruri hallarda valyuta bazarına müdaxilə edəcək.
Qiymət sabitliyinə gəlincə isə bir sıra risklər 2024-cü il üzrə də aktuallığını saxlayacaq. Qurum bəyan edib ki, dünya bazarında qiymətlərin dinamikası və ticarət tərəfdaşlarında inflyasiya prosesləri ölkədəki inflyasiya proseslərinə təsir göstərəcək.
Qlobal iqtisadi aktivliyin azalması və ayrı-ayrı ölkələrdəki maliyyə sabitliyi risklərinin reallaşmasının Azərbaycana təsiri mümkündür. Xüsusən də enerji qiymətlərinin kəskin dəyişməsi ölkə üçün təhdid yarada bilər.