Gəlir və xərclər nə qədər olacaq? - Gələn ilin dövlət büdcəsi ilə bağlı detallar
Milli Məclisin plenar iclasında “2025-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılaraq qəbul olunub.
Dövlət büdcəsinin gəlirlərinin 38 milyard 356 milyon manat, xərclərinin isə 41 milyard 407,6 milyon manat olacağı gözlənilir.
Plenar iclasda iştirak edən maliyyə naziri Samir Şərifov Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin gəlir və xərclərinin ilkin variantla müqayisədə daha 40 milyon manat artırıldığını bildirib.
Onun sözlərinə görə, son nəticədə büdcədə 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9% azdır.
Ölkənin müdafiə və milli təhlükəsizlik xərclərinin dövlət büdcəsindəki ümumi məbləği 8 milyard 555 milyon manata çatdırılacaq.
Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılması nəzərdə tutulan dotasiyanın məbləği 34,8 milyon manat azaldılaraq, ərazinin Dövlət Su Ehtiyatları Agentliyinin maliyyə təminatına yönəldilib.
Gələn ilin dövlət büdcəsindən siyasi partiyalara ayrılan vəsait də artırılıb. Prezidentin tapşırığı ilə siyasi partiyalara maliyyə yardımının ayrılması üçün ilkin proqnozlaşdırılan vəsaitin 1 milyon manat və ya 20 faiz artırılması nəzərdə tutulub.
2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305, pensiyaçılar üçün 232, uşaqlar üçün 246 manat məbləğində müəyyən olunub. Yaşayış minimumuna paralel olaraq gələn il üçün ehtiyac meyarı da 285 manat olmaqla təsdiqlənib.
Müqayisə üçün deyək ki, 2024-cü il üçün yaşayış minimumu 270, əmək qabiliyyətli əhali üçün 287, pensiyaçılar üçün 222, uşaqlar üçün isə 235 manat məbləğində olub. İşsizlikdən sığorta fondunun büdcəsi 2025-ci il üçün gəlirləri və xərcləri bərabər olmaqla 260,7 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilin büdcəsinə nisbətən 9,5% çoxdur.
Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 2025-ci il üçün gəlirləri və xərcləri bərabər olmaqla 7 milyard 676,4 milyon manat proqnozlaşdırılır. Bu rəqəm 2024-cü ilkinə nisbətən 10,45% çoxdur.