"Green Capital Management" və "Al Baladi Holding" arasında mühüm saziş imzalandı
Azərbaycan Ticarət Korporasiyasının təşəbbüsü ilə Bakıda “Qətər bütün dünya üçün” adlı tədbir keçirilib.
Məqsəd Azərbaycana Qətərin “Al Baladi Holdinq” və Birləşmiş Ərəb Əmirliklərinin “Green Capital Management” şirkətlərinin investisiyalarının cəlb edilməsidir.
Tədbir çərçivəsində “Green Capital Management” və “Al Baladi Holdinq” arasında Strateji Tərəfdaşlıq Sazişi imzalanıb. Sazişi “Al Baladi Holdinq”in rəhbəri Məhəmməd Al-Attiyah və qrupun baş icraçı direktoru Hani Al-Sayyadi, “Green Capital Management”in səhmdarları Adnan Əhmədzadə və Xəyal Qayıbov imzalayıblar.
Bildirilib ki, sənəd “Go Crispy” və “Tea Time” şirkətlərinin daha geniş auditoriyaya çatdırmağı və beynəlxalq bazarda onların mövcudluğunu artırmağı hədəfləyir.
Saziş həmçinin hər iki tərəfdaş üçün yeni perspektivlər açır və 2024-cü ildə diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edən Azərbaycan və Qətər arasında siyasi və iqtisadi əlaqələri möhkəmləndirir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədovun sözlərinə görə, bu saziş çərçivəsində Azərbaycanda iki il ərzində “Go Crispy” və “Tea Time” brendlərinə aid təxminən 30 restoranın açılması nəzərdə tutulur.