SOCAR 2035-ci ilə qədər nələri planlaşdırır? | Hikmət Abdullayevdən açıqlama
Dövlət Neft Şirkəti 2035-ci ilə qədər aşağı karbonlu istiqamət hesabına layihə portfelini şaxələndirməyi planlaşdırır.
Bunu SOCAR-ın enerji keçidi, ətraf mühit və dekarbonizasiya üzrə vitse-prezidentinin müavini Hikmət Abdullayev “Bakı İqlim Fəaliyyəti Həftəsi”nin üçüncü günündə keçirilən panel müzakirəsində deyib.
“SOCAR neft-qaz şirkətindən milli enerji şirkətinə necə çevriləcəyi ilə bağlı aydın baxışa malikdir. Hesab edirik ki, 2035-ci ilə qədər aşağı karbonlu layihələr və karbohidrogen hasilatı aktivləri hesabına şaxələndirilmiş portfelimiz olacaq”, – deyə o bildirib.
Hikmət Abdullayevin sözlərinə görə, şirkət həmçinin öz istixana qazı emissiyalarını analoqlar və beynəlxalq standartlarla müqayisə edilə bilən səviyyəyə endirməyi planlaşdırır.
H.Abdullayev qeyd edib ki, SOCAR “2050-ci ilə qədər sıfır emissiyaya nail olmaq üçün” hər bir əsas aktivi üzrə yol xəritəsi hazırlayıb.
Qurum rəsmisinin sözlərinə görə, SOCAR gələn ilin may ayına qədər “Neft və Qaz Metan Tərəfdaşlığı” proqramı çərçivəsində öz hesabatını təqdim etməyi planlaşdırır.