Azərbaycan–Ermənistan arasında neft tədarükünün ilk mərhələsi - Baku TV
Prezident İlham Əliyevin qərarı ilə oktyabr ayında Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb. Beləliklə, qonşu ölkəyə yük göndərişi davam edir. Dekabrın 19-da SOCAR tərəfindən ilk dəfə Bakı neftinin Ermənistana tədarükü həyata keçirilib.
Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sözlərinə görə, bu əməliyyat regionda sülhün möhkəmləndiyinin göstəricisidir:
“Potensial ikitərəfli ticarət məhsullarının siyahısı yanacaqla məhdudlaşmır. Sadə dillə desək, yanacaq ilk bağlanan kommersiya müqaviləsi idi. Mən inanıram ki, biz digər məhsul növləri ilə bağlı gələcək ikitərəfli ticarət əməliyyatlarının şahidi olacağıq. Ölkəmizin və Azərbaycanın idxal-ixrac balansları fərqli olsa da, bu fərqlər qarşılıqlı ticarət vasitəsilə tamamlana bilər. Bir daha qeyd etməliyəm ki, hazırda sülhün möhkəmləndirilməsi məsələsi daha böyük əhəmiyyət kəsb edir, çünki ikitərəfli ticarət yalnız sülh şəraitində mövcud ola bilər”.
Qeyd edək ki, 22 vaqona yüklənmiş 1 220 ton “Aİ-95” markalı avtomobil yanacağı “Azərbaycan Dəmir Yolları”nın yük qatarı ilə Böyük Kəsik stansiyasından yola salınıb. Yük oradan Gürcüstan vasitəsilə Ermənistana çatdırılıb.
Xatırladaq ki, bu barədə razılaşma noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ilə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə olunub.
#İlham Əliyev teqi istifadə olunub
- Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV
- Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR
- Türkiyə Prezidenti dövlət başçısını TDT-nin Zirvə görüşünə dəvət edib
- Rəcəb Tayyib Ərdoğandan İlham Əliyevə telefon zəngi | Nələr müzakirə olundu? - Baku TV
- Prezidentdən Vətən müharibəsi ilə bağlı paylaşım
