Çar arxivləri üzə çıxardı: Əkərəkdə 1949-cu ilə qədər kimlər yaşayıb? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
Ermənistanda XVII əsrə aid məscidin xarabalıqlarının qaldığı Əkərək (indiki Aqarak) azərbaycanlı kəndinin tarixi
XIX əsrə və XX əsrin ilk üçdə birinə aid Rusiya imperiyasının sənədlərində və digər yazılı mənbələrdə müasir azərbaycanlıların əcdadları müxtəlif terminlərlə qeyd edilib: “tatarlar”, “qafqaz tatarları”, “türklər” və ya “müsəlmanlar”. Layihənin hazırlanmasında istifadə edilmiş bəzi mənbələrdə “türklər”, “türk-tatarlar”, “islamlar” və ya “məhəmmədilər” adlarına da rast gəlinir. Bundan sonra şərti olaraq, 1920-ci ilə qədərki dövrlə bağlı “azərbaycanlıların əcdadları”, daha sonrakı dövr üçün isə “azərbaycanlılar” termini istifadə olunacaq.
Adları:
çar dövründə - Əkərək, Akarak, Akeran
sovet dövründə - Aqarak
Kənd 1995-ci ildən Ermənistan Respublikasının Araqatsotn vilayətinin tərkibindədir.
Kənd haqqında qeydlərə XVI və XVIII əsrlər Osmanlı mənbələrində rast gəlinir.
XVIII əsrin ortalarından Rusiya işğalına qədər kənd İrəvan xanlığının Karbibasar mahalının tərkibində olub.
1827-ci ildə Rusiya İrəvan xanlığının ərazisini işğal edib, 1828-ci il Türkmənçay müqaviləsi isə onun Rusiya imperiyası tərkibinə birləşdirilməsini təsbit edib. Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının Eçmiədzin qəzasının tərkibində olub.
1829-1832-ci illərdə Rusiya hakimiyyətinin tapşırığı ilə keçmiş İrəvan və Naxçıvan xanlıqları ərazilərinin kameral təsviri tərtib edilib. Sənədə salınmış məlumatlara əsasən, Əkərək kəndində 318 nəfər yaşayıb: 166 yerli türk və 152 İrandan köçürülmüş erməni.
Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara əsasən, 1914-cü ilə qədər müxtəlif dövrlərdə kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.
