Ceyhun Bayramov Fidanla Suriyadakı son vəziyyəti müzakirə etdi | Detallar açıqlandı
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, tərəflər ATƏT-in Nazirlər Şurasının Maltada keçirilən 31-ci iclası çərçivəsində aparılan danışıqlar və müzakirələr ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov təcrübəli türk diplomat Feridun Sinirlioğlunun ATƏT Nazirlər Şurasının 31-ci iclası çərçivəsində Təşkilatın Baş katibi vəzifəsinə təyinatı münasibətilə Türkiyə tərəfini təbrik edib, bu böyük nailiyyətin tərəfimizdən böyük sevinclə qarşılandığını diqqətə çatdırıb. ATƏT-in Baş katibi F.Sinirlioğluna məsuliyyətli fəaliyyətində uğurlar arzulanıb.
Telefon danışığı zamanı tərəflər həmçinin Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn məsələlər, postmünaqişə dövründə bölgədə vəziyyət, regional məsələlər və Suriyada son vəziyyəti ətraflı müzakirə ediblər.
Azərbaycanın Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi, habelə yaranmış böhranlı vəziyyətin tezliklə Suriya xalqının maraq və iradəsinə əsaslanan həllini tapmasına dair ümidvarlıq ifadə olunub.