İlham Əliyev və Ərdoğan görülən işlərlə tanış oldular | Regionun inkişafına təkan verəcək yol
Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov Azərbaycan və Türkiyə Prezidentlərinə görülən işlər barədə məlumat verib.
Dövlət başçısının tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilən mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də uzunluğu 75,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yoludur.
Başlanğıcını Kəlbəcər rayonunun Qamışlı kəndindən götürməklə Laçın rayonunun ərazisindən keçən və bu iki rayonu birləşdirən yol 2, 3 və 4 hərəkət zolaqlı olacaq.
Yolboyu tikintisi nəzərdə tutulmuş 17 avtomobil tunelindən 16-da tikinti işləri uğurla davam etdirilir, birinin isə layihələndirilməsi aparılır.
Uzunluğu 126 kilometr olan mövcud Kəlbəcər-Laçın avtomobil yolunun yeni layihəyə əsasən tikintisi Kəlbəcər şəhər mərkəzindən Laçın şəhər mərkəzinədək məsafəni 32,2 kilometr qısaldaraq 93,8 kilometr təşkil edəcək.
Laçın şəhərinin mərkəzindən Laçın Beynəlxalq Hava Limanınadək hazırda mövcud yol üzrə məsafə 65 kilometr təşkil edir. Yeni tikilən yol üzrə isə məsafə 35,8 kilometr olacaq. Yolun 40-cı kilometrliyindən ayrılan və Laçın Beynəlxalq Hava Limanına aparan körpünün tikintisi də layihə çərçivəsində yerinə yetirilir.
Ümumilikdə Kəlbəcər-Laçın avtomobil yolunda tikinti işlərinin 44 faizi icra olunub. Yeni yol Kəlbəcər və Laçın rayonlarının bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və Laçın Beynəlxalq Hava Limanına rahat gediş-gəlişi təmin edəcək, ümumilikdə isə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək.
#İlham Əliyev teqi istifadə olunub
- Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfiri Prezidentin qəbulunda
- İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
- Prezident Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV
- Azərbaycan-Kolumbiya əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub - Baku TV
- Prezident İlham Əliyev Somalinin yeni səfirini qəbul edib
