İlham Əliyev və Slovakiyanın Baş naziri arasındakı görüşdə nələr müzakirə edildi?
Mayın 7-də Prezident İlham Əliyevin Azərbaycanda rəsmi səfərdə olan Slovakiyanın Baş naziri Robert Fitso ilə təkbətək görüşü olub.
Dövlət başçısı daha sonra Robert Fitso ilə geniş tərkibdə görüş keçirib. Geniştərkibli görüşün ardından Azərbaycan-Slovakiya sənədlərinin imzalanması mərasimi keçirilib.
Görüşlərin yekunu olaraq Prezident İlham Əliyev və Slovakiyanın Baş naziri Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər.
Dövlət başçısı bildirib ki, siyasi əlaqələrin yüksək səviyyədə olması bir daha təsdiqlənib. İmzalanan sənədlər arasında müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər olduğunu deyən Prezident İlham Əliyev bildirib ki, bu sahədə birgə istehsal sahələrinin yaradılması haqqında artıq konkret danışıqlara start verilib.
Əməkdaşlığın bir əlamətdar istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir.
Prezident İlham Əliyev həmçinin bildirib ki, Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Əməkdaşlığın daha da genişləndirilməli olduğunu deyən Slovakiyanın Baş naziri də tezliklə Qarabağa səfər etmək arzusunda olduğunu bildirib. Sonra Prezident İlham Əliyevin adından Slovakiyanın Baş naziri Robert Fitsonun şərəfinə rəsmi nahar verilib.