Prezident və İsmayıl Ould Şeyx Əhmədi arasında mühüm müzakirələr - Baku TV
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmayıl Ould Şeyx Əhmədi qəbul edib.
Prezident İlham Əliyev İsmayıl Ould Şeyx Əhmədin İslam Əməkdaşlıq Təşkilatının Baş katibi vəzifəsinə seçildikdən sonra Azərbaycana səfər etməsinin əhəmiyyətinə toxunub, bunu ölkəmizlə Təşkilat arasında güclü tərəfdaşlığın nümunəsi kimi qiymətləndirib.
Dövlət başçısı Azərbaycanın həmişə İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olduğunu deyərək bunun gələcəkdə də davam edəcəyini vurğulayıb. Təşkilat çərçivəsində ölkəmizdə bir çox siyasi, iqtisadi, idman tədbirlərinin təşkil olunduğunu xatırladan Prezident İlham Əliyev gələn il Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi edəcəyini deyib və bu tədbirə fəal hazırlıq işlərinin getdiyini bildirib.
Prezident İlham Əliyev ölkəmizdə İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu xatırladıb.
Dövlət başçısı ölkəmizin bundan sonra da İslam həmrəyliyinin möhkəmləndirilməsinə, dinlər və mədəniyyətlər arasında qarşılıqlı anlaşmaya, təhlükəsizliyə və sabitliyə töhfə vermək üçün səylərini əsirgəməyəcəyini deyib.
İsmayıl Ould Şeyx Əhməd qəbula və İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətinə verdiyi dəstəyə görə dövlət başçısına minnətdarlığını bildirib. O, Baş katib vəzifəsinə seçiləndən sonra ilk səfərlərindən birini Azərbaycana etməsindən məmnun olduğunu deyib. İndiyədək bir neçə dəfə ölkəmizdə olduğunu qeyd edən qonaq burada gördüyü inkişaf proseslərini vurğulayıb və bu münasibətlə təbriklərini çatdırıb.
İsmayıl Ould Şeyx Əhməd İslam Əməkdaşlıq Təşkilatının Baş katibi kimi Azərbaycanla birlikdə çalışaraq Təşkilatın beynəlxalq nüfuzunun, həmçinin İslam həmrəyliyinin daha da möhkəmləndirilməsi istiqamətində səylərini artıracağını deyib.
Baş katib İsmayıl Ould Şeyx Əhməd Ulu Öndər Heydər Əliyevin xatirəsinə olan ehtiramını ifadə edərək Ümummilli Liderin Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin genişləndirilməsində xidmətlərini xatırladıb. Qonaq ölkəmizin İslam dünyasında və İslam həmrəyliyinin gücləndirilməsində mühüm rolunu qeyd edib.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib
- Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
- Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Baku TV
- İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV
- İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib
