Siyasi şərhçi İlham Əliyev və Blinken arasındakı zəngdən danışdı
“Entoni Blinkenin İlham Əliyevə zəngi kifayət qədər mühüm və müsbət əhval-ruhiyyədə keçib”.
Bu sözləri ABŞ Dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə zəngi barədə danışan siyasi şərhçi Turab Rzayev deyib.
Siyasi şərhçi İlham Əliyevin E.Blinkenə Azərbaycanın narahatlığının bütün səbəblərini təfsilatı ilə izah etdiyini bildirib:
“Cənab Prezident Azərbaycanın 5 apreldə Brüsseldə Blinken-Leyen-Paşinyan görüşü barədə ciddi narahatlıq keçirdiyini qəti şəkildə E.Blinkenin nəzərinə çatdırıb. Çünki burada Ermənistanın ABŞ və Avropa Birliyi, eyni zamanda onlara bağlı ayrı-ayrı fondlar tərəfindən silahlandırılaraq Azərbaycan ilə qarşı-qarşıya qoyulması faktı var.
Eyni zamanda ölkəmizin əlində həmin görüşdə Ermənistanla birlikdə keçiriləcək hərbi təlimlərin sayının artırılması, sərhəddə hərbi infrastrukturun qurulması və Avropa Sülh Fondu vasitəsilə İrəvana daha çox silah-sursat, hərbi texnikanın verilməsi məsələlərinin müzakirə ediləcəyi ilə bağlı məlumatlar mövcuddur.
Digər tərəfdən görüşün ABŞ, AB və Ermənistan arasında keçirilməsi və Azərbaycanın dəvət olunmaması atılacaq addımların heç də xoşniyyətli olmadığını göstərir. Sadalanan addımların sülhə xidmət etmədiyi və vəziyyəti daha da qəlizləşdirəcəyi aydındır.
E.Blinken isə Ermənistanı silahlandırmadıqlarını, Brüsseldə iqtisadi məsələlərin müzakirə olunacağını, hər iki tərəfi sülhə çağırdıqlarını bildirib. İlham Əliyev E.Blinkenlə danışıqda Fransa, Yunanıstan tərəfindən Ermənistanın silahlandırılması məsələsini də gündəmə gətirib və rəsmi Parisin ölkəmizin yenidən müharibəyə hazırlaşdığı ilə bağlı ittihamlarının yalan olduğunu vurğulayıb.
Bütün hallarda fikir ayrılıqlarının mövcudluğu, eyni zamanda Azərbaycanın narahatlığına rəğmən görüşün ləğv edilməməsi regionumuzun yaxın gələcəkdə baş verəcək önəmli geosiyasi proseslərin astanasında olduğunu göstərir.
NATO Baş katibi Yens Stoltenberqlə görüşdə olduğu kimi, E.Blinkenlə də danışıqda irəli sürülən arqumentlər bölgəmizdə baş verə biləcək qarşıdurmaya görə Azərbaycanın məsuliyyət daşımadığını sübut edir. Bu, mühüm məqamdır. Çünki gedən prosesləri və verilən reaksiyaları tək biz yox, eyni zamanda ətrafımızdakı bütün ölkələr izləyir, özləri üçün qeydlər aparır.
Azərbaycan öz xarici siyasətini bölgədə və qlobal səviyyədə baş verən hadisələri, bunların ölkəmizə mümkün təsirlərini, riskləri və s. hesablayaraq yürüdür. Ermənistan isə bölgədə pozucu faktor kimi sürətlə böyük güclərin rəqabət meydanı olmağa doğru sürüklənir”.