TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sülh sazişi imzalanmadan TRIPP marşrutunun fəaliyyətə başlama ehtimalını istisna etməyib və layihənin sülh prosesinə töhfə verə biləcəyini bildirib.
Bəs bu addım regiondakı siyasi proseslərə və geosiyasi güclər balansına necə təsir göstərə bilər?
Ermənistanın bu yanaşması İrəvanın sülh prosesindəki prioritetlərinin dəyişdiyini göstərirmi?
Millət vəkili Elçin Mirzəbəyli məsələ ilə bağlı açıqlama verib.
Deputat bildirib ki, Ermənistan rəhbərliyinin bəyanatları ziddiyyətlidir. Oktyabrın 21-də İrəvan tərəfindən dəmir yolu xəttinin çəkilişi üçün 18 ay, avtomobil yolunun hazır olması üçün isə 2027-ci ilin əvvəlinə qədər vaxt lazım olduğu bildirilmişdi. Bu baxımdan indiki şəraitdə TRIPP marşrutunun yenidən gündəmə gətirilməsi real faktorlardan daha çox siyasi mülahizələr və müəyyən gözləntilərlə bağlı ola bilər.
E.Mirzəbəylinin sözlərinə görə, hüquqi kontekstdən yanaşsaq, sülh müqaviləsi imzalanmadan da marşrutun fəaliyyətə başlaması mümkündür:
"TRIPP-in çəkilişi Ermənistanın daxili prosesidir və ABŞ ilə imzalanmış müqavilə əsasında həyata keçirilir. Lakin Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan bağlantısı olmadan bu layihə heç bir beynəlxalq əhəmiyyət kəsb etməyən daxili yoldan ibarət olacaq. Əgər söhbət marşrutun yalnız Ermənistan ərazisində hazır olmasından gedirsə, bəli, bu, mümkündür və nəqliyyat vasitələri ölkə daxilində həmin yolla hərəkət edə bilər".
