#Gənclər və İdman Nazirliyi
icon

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ölkədə gənclər, bədən tərbiyəsi və idman sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Müstəqillik dövründə ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli, 179 saylı fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Nazirlik bu adla ikinci dəfə Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2006-cı il tarixli, 539 saylı fərmanı ilə Gənclər, İdman və Turizm Nazirliyinin əsasında yenidən təsis edilmişdir.

Fəaliyyət istiqamətləri

Nazirliyin fəaliyyət istiqamətlərinə müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak, gənc nəslin yaradıcılıq potensialının, bilik və bacarığının milli dövlət quruculuğuna yönəldilməsi, habelə gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin həyata keçirilməsi daxildir. Bunlarla yanaşı, Azərbaycan gənclərinin cəmiyyətin inkişafında rolunu artırmaq, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq nazirliyin prioritet məqsədləri sırasındadır.

Dövlət proqramları və təşəbbüslər

2002-ci il aprelin 9-da "Gənclər siyasəti haqqında" Qanun qəbul edilmiş, 2013-cü il iyulun 2-də isə elm, mədəniyyət, ədəbiyyat, təhsil və ictimai fəaliyyət sahələrində fərqlənən gənclər üçün Prezident mükafatı təsis edilmişdir. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil alması təmin edilmişdir.

Gənclər Fondu

2018-ci il martın 7-də imzalanan fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında "Azərbaycan Respublikasının Gənclər Fondu" publik hüquqi şəxs kimi yaradılmış və bu qurum vasitəsilə gənclərin ictimai təşəbbüslərinə, yerli və beynəlxalq miqyaslı layihələrinə dəstək verilməyə başlanılmışdır. Nazirlik öz fəaliyyətini digər icra hakimiyyəti orqanları, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatları ilə sıx əlaqədə həyata keçirir.