Azyaşlıya siqaret çəkdirən ataya hansı cəza veriləcək?
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə canlı yayımda ata bir yaşlı oğluna siqaret çəkdirib.
Məhəmməd Nəbilinin körpə uşağına qarşı bu addımı sosial şəbəkələrdə geniş müzakirə olunub və qınanılıb. Narazılıqlara cavab verən ata sonradan çəkib paylaşdığı videoda bildirib ki, siqareti uşağa çəkdirməyib, onun ağzından aralı tutub.
“Uşaq mənimdir, özüm bilərəm. Əziyyətlə böyüdürəm. Mənim nə etməyimin heç kimə aidiyyəti yoxdur”, – deyə Məhəmməd Nəbili bildirib.
Bəs valideynin belə hərəkətinin qanunvericilikdə hansısa cəzası varmı?
Vəkil Hikmət Əliyev bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsinə əsasən, uşaqların təlim-tərbiyəsi vəzifələrinin valideynlər tərəfindən düzgün yerinə yetirilməməsi inzibati məsuliyyət yaradır:
“Onlar barəsində xəbərdarlıq edilə bilər və ya 40-60 manat cərimə nəzərdə tutulur”.
Qeyd edək ki, atanın canlı yayımda uşağa tütün məmulatları çəkdirilməsini əks etdirən görüntüləri polis araşdırıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 1 yaşlı övladını hüquqazidd hərəkətə məruz qoyan 1993-cü il təvəllüdlü Məhəmməd Nəbili müəyyən olunaraq saxlanılıb. O bu hərəkətinin məqsədini sosial şəbəkələrdə auditoriya toplamaq olması ilə izah edib. Onun barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.
#Məhəmməd Nəbili teqi istifadə olunub
