Banda üzvünün Bakıdakı dəhşətli əməlləri | Nələr ifşa olundu?
Cinayətkar birlik təşkil edərək Bakının müxtəlif ərazilərində bir sıra ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən və uzun müddət axtarışda olan Xalid Tağıyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilənə ittiham aktını elan edib.
İttihamda qeyd olunur ki, Xalid Tağıyevin 1995-1999-cu illər ərzində bir sıra ağır və xüsusilə ağır cinayətlər törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Belə ki, onun 1998-ci il sentyabrın 2-də Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən fərdi yaşayış evinə basqın zamanı ev sahibi Məmməd Hacıyevi, həmin ilin sentyabrında Sabunçu rayonu, Bilgəh qəsəbəsində Arif Quliyevi, 1999-cu ilin sentyabrın 11-də isə Zahid Vəliyevi qəsdən öldürməsi ilə bağlı sübutlar əldə olunub.
Bundan başqa, Xalid Tağıyevin həmin cinayətkar dəstənin tərkibində oğurluq, quldurluq, nəqliyyat vasitələrini qaçırma, rəsmi sənədləri və möhürləri oğurlama, vəzifəli şəxsin adını özbaşına mənimsəmə, dövlət əmlakını oğurlama, müvafiq icazə olmadan odlu silah və döyüş sursatı əldə etmə, saxlama, gəzdirmə və saxta sənəddən istifadə edərək ölkənin dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd etmə hallarında da iştirakı ilə bağlı əsaslı dəlillər müəyyən edilib.
Onun barəsində 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək barəsində beynəlxalq axtarış elan edilmişdi.
Xalid Tağıyev 2024-cü il fevralın 12-də hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təqdim edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxs ittihama görə özünü qismən təqsirli bilərək cinayət işində adları çəkilən üç nəfərin qətlə yetirməsində iştirak etməsini təsdiqləyib. Növbəti proses Xalid Tağıyevin sərbəst ifadəsi ilə davam edəcək.
#Bakı Ağır Cinayətlər Məhkəməsi teqi istifadə olunub
- Sabiq icra başçısının oğlu Babəli Babayevin məhkəməsi keçirildi | Hakim nə qərar verdi? - Baku TV
- "Meydan TV" işi üzrə məhkəmə başladı - Baku TV
- Bir ailənin 5 üzvü narkotik satışına görə həbs olunub - Baku TV
- Təqsirləndirilən hakim qarşısına çıxarılıb
- Tanışını bıçaqlayıb qaçmaq istədi, maşın vurdu | Cinayətkar məhkəmədə dindirildi - Baku TV
