Baramaçılıq mövsümünə start verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Bu il kümçülərə əvəzsiz olaraq 11 500 qutu ipəkqurdu sənaye toxumunun paylanması nəzərdə tutulur.
Bu münasibətlə Qax Damazlıq İpəkçilik Stansiyasında hibrid ipəkqurdu toxumlarının paylanmasına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov da iştirak edib. Nazir bildirib ki, barama mövsümü ərəfəsində bütün hazırlıq işləri tam başa çatıb. Kümxanalar aqrozootexniki tələblərə uyğun hazırlanıb, dezinfeksiya işləri həyata keçirilib, kümçülər təlimlərə cəlb olunublar.
Baramaçılığın və ipəkçiliyin Azərbaycanda qədim ənənələrinin olduğunu deyən nazir bu sahənin inkişafı üçün dövlət tərəfindən davamlı dəstək tədbirlərinin həyata keçirildiyini deyib.
Qeyd olunub ki, ölkədə baramaçılıq və ipəkçiliyin inkişafına dövlət dəstəyi kümçülərin bu sahəyə marağını ildən-ilə artırır. Kümçülərlə imzalanan müqaviləyə əsasən, istehsal olunmuş yaş barama müvafiq qurum tərəfindən 5 manata təhvil alınacaq, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyəcək.
Tədbirdən sonra yaş barama istehsal olunan rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri ilə görüş keçirilib, onlarla yeni başlayan mövsümdə görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.
