Bərdə sakinləri şam işığında yaşayır
Yeniliklərdən dərhal xəbərdar olun
Bərdənin Niftçi kəndinin sakinləri elektrik təminatından şikayətçidirlər.
Onların sözlərinə görə, evlərə verilən işığın gücü zəif, elektrik dirəkləri və naqillər isə köhnə və qəzalı vəziyyətdədir.
İllərdir ki, bu kəndə işıq fasilələrlə verilir. Sovet dövründə çəkilən elektrik şəbəkəsi isə indiyə qədər bir dəfə belə olsun yenilənməyib.
Kənd sakinləri bildirir ki, gün ərzində işıqlar bir neçə dəfə söndürülür. Yağışlı havada işığın verilişində saatlarla fasilə yaranır. Qış aylarında isə vəziyyət daha da dözülməz olur. Normadan dəfələrlə zəif olan işığın gücü onlara maddi ziyan da vurur. Zəif işığa görə elektrik avadanlıqları sıradan çıxır.
Sakinlər 30 ildən çoxdur ki, yaşadıqları problemlərlə bağlı dəfələrlə aidiyyəti dövlət qurumlarına müraciət etdiklərini bildirirlər. Verilən vədlər isə hər dəfə söz olaraq qalıb.
