Fazil Mustafa məhkəməyə müraciət ünvanladı
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə baş tutan prosesdə ilkin olaraq təqsirləndirilənlərin müdafiəçilərinin vəsatətləri müzakirə edilib.
Zərərçəkən millət vəkilinin məhkəməyə məcburi gətirilməsi ilə bağlı vəkillərin vəsatəti təmin olunmasa da, deputatın prosesdə iştirak etməsi məhkəmə heyəti tərəfindən məqbul sayılıb. Buna etirazını bildirən zərərçəkmişin vəkili bütün məhkəmə heyətinə və təqsirləndirilən şəxslərin müdafiəçilərinə konstitusiyanın müvafiq tələblərini xatırladaraq müvəkkilinin prosesdə iştirak etməmək hüququnun olduğunu bildirib.
Bundan sonra hakim Elnur Nuriyev tərəfindən millət vəkilinin məhkəməyə müraciəti elan olunub. Zərərçəkən Fazil Mustafa müraciətində siyasi fəaliyyəti haqda məlumat verərək qeyd edib ki, bu terror aktı onun işgüzar fəaliyyəti ilə bağlı olmaqla yanaşı, bir dövlət xadiminə və dövlətçiliyə qarşı yönəlmiş cinayətdir.
Deputat eyni zamanda vurğulayıb ki, onun dini zəmində çıxışlarını islam dininə qarşı təhqir kimi qiymətləndirmək cahillikdir.
Millət vəkilinin sözlərinə görə, dini kontekstdə müzakirələr zamanı radikalizm və cahilliyə qarşı çıxışlar edib. Buna görə də zərərçəkən məhkəmədən cinayəti törədənlərə layiqli cəzanın verilməsini istəyib.
Daha sonra təqsirləndirilənlərdən Rəşad Əhmədovun ifadəsi elan edilib. Digər təqsirləndirilən Səbuhi Şirinovun elan olunan ifadəsində isə qeyd edilib ki, Azər Səricanovdan “Kalaşnikov” avtomatını aldıqdan sonra onun təlimatına uyğun olaraq Fazil Mustafanın yaşadığı ünvana yaxınlaşaraq ona bir neçə dəfə atəş açıb. Dərhal hadisə yerindən uzaqlaşaraq bu barədə Elşad Əsgərova məlumat verib və “Mən atəş açdım, qışqırdı, mindim maşına gəldim. Bilmədim öldü, ya yox” deyə bildirib.
Bundan sonra hakim Elnur Nuriyev məhkəməyə təqdim olunan sənədlərin tədqiqinə başlanıldığını proses iştirakçılarının diqqətinə çatdırıb.
#Fazil Mustafa teqi istifadə olunub
- "Bu, tamamilə yersizdir" | Fazil Mustafadan Naxçıvanın statusu ilə bağlı təklif - Baku TV
- Zəngəzur dəhlizi bu quruculuğun əsas hədəfidir | Fazil Mustafa - Baku TV
- “Dövlət qurumları özünü sığortalayıb” | Deputatdan qəzalı binalarla bağlı sərt irad
- MM-də Gürcüstan və Rusiyada yaşayan soydaşlarımızla bağlı məsələ qaldırıldı
- Son 5 ildə neçə nikahdankənar uşaq doğulub?
