Görkəmli şair Məmməd İsmayıl vəfat etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Şair Məmməd İsmayıl vəfat edib. Yaxınlarının bildirdiyinə görə, o, ağciyər xərçəngindən əziyyət çəkirdi.
Məmməd İsmayıl öz vəsiyyətinə uyğun olaraq avqustun 20-də doğulduğu Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində anasının yanında dəfn olunacaq.
1939-cu ildə anadan olan Məmməd İsmayıl 1964-cü ildə Azərbaycan Dövlət Universitetini, 1975-ci ildə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki ikiillik ali ədəbiyyat kursunu bitirib.
1966-1973-cü illərdə "Azərbaycan Dövlət Radio və Televiziya" Komitəsində redaktor, böyük redaktor, şöbə müdiri, 1976-1980-ci illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" studiyasının Elmi-kütləvi sənədli filmlər birliyində baş redaktor, eləcə də digər ədəbi-mədəni idarələrdə müxtəlif vəzifələrdə çalışıb.
Məmməd İsmayıl son illərdə səhhəti ilə bağlı bir neçə dəfə xəstəxanaya yerləşdirilib. Sonuncu dəfə bir neçə gün öncə xəstəxanalardan birinə yerləşdirilən şair vəfat edənə qədər orada müalicə alıb.
