"Baku TV" Tbilisi Dövlət İpək Muzeyində | Azərbaycana aid nələr var?
Yeniliklərdən dərhal xəbərdar olun
Polyak memar Aleksandr Şimkeviç tərəfindən 1887-1892-ci illərdə inşa edilən, əsasını isə Rusiyada ipəkçilik sənətinin təşkilatçısı, araşdırmaçı Nikolay Şavrovun qoyduğu Tbilisidəki Dövlət İpək Muzeyi ilk illərdə Qafqaz İpəkçilik Stansiyası kimi fəaliyyət göstərib.
Muzey 1930-cu ilədək mövcud olmuş stansiyasının bazasında yaradılıb. Əsas məqsəd Qafqazda ipəkçilik məhsullarının tanıdılması olub. Burada 5 min növ barama sortu, saplar və yumaqlar, müxtəlif alətlər, dəzgahlar, tekstil nümunələri sərgilənir. Rəngarəng və zəngin kolleksiya həm Gürcüstan, həm də 60-dan çox ölkədə istehsal olunan ipək məmulatlarından ibarətdir.
Azərbaycan ipək xalçaları Çin və Gürcüstanın ipək və tekstil parça nümunələri ilə bir sırada saxlanılır. 1889-cu ildə muzeyə gətirilən ən qədim xalça toxuma növlərindən sayılan Şuşa cicimləri kolleksiyada üstünlük təşkil edir.
Muzeyin kolleksiyalar üzrə kuratoru Salome Paçuaşvili bildirib ki, burada saxlanılan və sərgilənən eksponatlar Qafqaz İpəkçilik Stansiyasının XIX əsrin sonunda həyata keçirdiyi ekspedisiya nəticəsində gətirilən müxtəlif əşyalardır:
“Stansiya bağlandıqdan sonra isə şəxsi təşəbbüslərlə muzeyə gətirilən, hədiyyə edilən ipəkdən hazırlanmış fərqli ölkələrin milli geyimləri, xalçaları və digər mədəniyyət nümunələri eksponatlarımız arasına əlavə edilib. Azərbaycana məxsus xalçalar, Şuşa cicimləri və kəlağayılar muzeyimizdə xüsusi yer tutur. Azərbaycanda istifadə edilən xüsusi təbii boyalar da burada ziyarətçilərimiz tərəfindən maraqla qarşılanır”.
Muzeyin həmçinin zəngin kitabxanası var. Burada XVIII-XIX əsrdə ipəkçilik sənəti haqqında 17 dildə çap edilən unikal nəşrlər, həmçinin 1887-ci ilə aid tarixi Qafqaz ipəkçilik xəritəsi saxlanılır.
