Sabunçu sakinlərinin kabusuna çevrilən yol
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi, Sabunçu rayonunun Nizami İsmayılov küçəsi sakinlər üçün təhlükə saçır.
Belə ki, yaxınlıqda məktəbin yerləşməsinə və sürət həddinin 30 km/saat olmasına baxmayaraq, avtomobil sürücüləri bu qaydalara əməl etmirlər. Digər tərəfdən, ərazidə piyada keçidi olsa da, onun zolaqları silinib. Bu da yolu qarşı tərəfə keçən piyadalara çətinlik yaradır.
Elə bu səbəbdən bir neçə ay əvvəl məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edilib. Qurumlardan isə bildirilib ki, problem həll olunacaq.
Lakin sakinlərin sözlərinə görə, verilən vədlər yerinə yetirilməyib, ərazidə heç bir tədbir görülməyib: “Təhlükəsizliyin təmin olunacağını, kamera və işıqforun qoyulacağını dedilər, amma heç bir iş görülmədi. Yenə məktəbli uşaqlar buradan keçirlər. Ən təhlükəli yollardandır, sürət həddi 30 qoyulub, amma 100 km/saat-la sürürlər”.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, məsələ ilə bağlı rəsmi müraciət Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) göndərilib. BDYPİ-dən verilən məlumata görə isə vətəndaşların müraciəti əsasında qeyd edilən ərazidə monitorinq təhlilləri aparılacaq. Nəticəyə uyğun olaraq tədbirlər həyata keçiriləcək.
#Nizami İsmayılov küçəsi teqi istifadə olunub
