Şəhid jurnalist İbrahimov Məhərrəmin xatirəsinə layihə | "Şəhid imza"
Yeniliklərdən dərhal xəbərdar olun
“Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyi bir ilkə imza atdı. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Şəhid imza” layihəsi çərçivəsində bir videoçarx hazırladıq”.
Bunu Baku TV-yə müsahibəsində QHT sədri Günel Gözəlova deyib.
O bildirib ki, sözügedən videoçarx monoloq janrında çəkilib. Çarxın qəhrəmanı şəhid jurnalist Məhərrəm İbrahimovun 8 yaşlı oğlu Toğrul İbrahimovdur:
“Toğrul bu videoçarxda hisslərini çox gözəl canlandıraraq körpə yaşlarından atasının terror qurbanı olduğunu bilən gələcəyin əsgərinin nə qədər iztirabla böyüdüyünü tamaşaçılara çatdırıb”.
Günel Gözəlova qeyd edib ki, bu günə qədər Qarabağ müharibəsində şəhid olan jurnalistlərdən bəhs edən videoçarx, nəşr yox idi:
“Araşdırmamıza əsasən, 1-ci və 2-ci Qarabağ müharibəsində peşəsini icra etmək üçün savaşa qatılan, eyni zamanda peşələrini yarımçıq qoyaraq səngərdə Vətən uğrunda mübarizə aparan jurnalist həmkarlarımızın sayı 16 nəfərdir. “Şəhid imza” bu 16 nəfərin adlarının çəkildiyi ilk videoçarx olacaq. Ümid edirəm ki, videoçarxdan sonra həmkarlarımız Qarabağa yollanarkən daha ehtiyatlı olacaqlar. Nəzərə alsaq ki, hələ də mina terroru davam edir”.
