Zaur Rzayev reanimasiyaya yerləşdirildi | Xalq artistinin səhhəti ilə bağlı məlumat - Baku TV
Xalq artisti Zaur Rzayev səhhətində yaranan ciddi problemlə əlaqədar xəstəxanaya yerləşdirilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən məlumata görə, 1952-ci il təvəllüdlü sənətçiyə qaraciyər sirrozu və assit diaqnozları qoyulub. Oktyabrın 14-də xəstəxanaya yerləşdirilən Zaur Rzayevin müalicəsi hazırda Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, sentyabr ayında da səhhətində ciddi problemlər yaranan sənətçi xəstəxanaya yerləşdirilmiş, vəziyyəti stabilləşdikdən sonra evə buraxılmışdı.
Zaur Rzayev 1952-ci il yanvarın 28-də Hacıqabulda anadan olub. O, 1998-ci ildə Əməkdar artist, 2003-cü ildə isə Xalq artisti fəxri adına layiq görülüb. Sənətçi xüsusilə “Dilbərim” xalq mahnısının ifası ilə geniş dinləyici auditoriyasının rəğbətini qazanıb.
