Aya gedən şəxsin başına nələr gəldi? | Ciddi təhlükə yaradan isə…
Yeniliklərdən dərhal xəbərdar olun
“Apollon 17” kosmik gəmisinin geoloq astronavtı Harrison Şmit Aya ayaq basan azsaylı insanlardan biri kimi kosmos tarixinə düşən şəxsdir. Lakin onun hekayəsi təkcə kəşf uğuru ilə deyil, həm də gözlənilməz sağlamlıq təcrübəsi ilə seçilir.
Yer üzündə heç bir maddəyə qarşı allergiyası olmayan H.Şmit 1972-ci ildə Ayda işləyərkən Ay tozuna gözlənilməz reaksiya verib. Bucaqlı və iti quruluşu ilə insan orqanizmində qıcıqlandırıcı təsirə malik olan bu toz onda şiddətli diskomfort yaradıb. Burnu tıxanıb, gözləri qaşınıb, dalbadal asqırmağa başlayıb.
“Tozu ilk dəfə qoxuladığım anda burnumun içi şişdi və səsim dəyişdi” deyən H.Şmit bu vəziyyəti üç dəfə yaşadığını və gələcək missiyalarda sözügedən problemlərin mütləq həll edilməsinin vacibliyini söyləyib.
Araşdırmalar zamanı müəyyən olunub ki, Ay tozu insan saçından 50 dəfə kiçik hissəciklərdən ibarətdir və ağciyərlərdə uzun müddət qala bilir. Mütəxəssislər bu vəziyyətin yalnız müvəqqəti allergik reaksiyalara deyil, hüceyrə ölümü və DNT zədələnməsi kimi uzunmüddətli sağlamlıq problemlərinə də səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.
Qeyd edək ki, NASA Ay tozunun astronavtların kabinəsinə və ya paltarına girməsinin qarşısını alacaq yeni texnologiyalar üzərində işləyir.
