Bu cırtdan planetdə də duz yataqları var? | Yapon alimlərindən maraqlı araşdırma
Yeniliklərdən dərhal xəbərdar olun
Kioto Universitetinin yapon alimləri Ryuqu asteroidində duz minerallarının olduğuna dair sübutlar aşkarlayıblar.
Tədqiqat “Nature Astronomy” elmi jurnalında dərc olunub.
Komanda 2020-ci ildə “Hayabusa2” zondunun topladığı nümunələri tədqiq edib. Nümunələr natrium karbonat, halit və natrium sulfatdan ibarət olub. Bütün bu birləşmələr suyun iştirakı ilə əmələ gəlir.
Tədqiqatçılar Ryuqunun təxminən 4,5 milyard il əvvəl mövcud olan daha böyük göy cisminin bir hissəsi olduğunu irəli sürürlər.
“Bu duz kristalları bizə maye suyun Ryuqudan necə yox olduğunu izah edir”, – deyə tədqiqatçı Toru Matsumoto bildirib.
Tapıntı suyun planetlərin və ayın əmələ gəlməsindəki rolunu anlamaq üçün mühüm əhəmiyyət kəsb edir. Alimlər oxşar duz yataqlarının cırtdan Tserera planetində, eləcə də yeraltı okeanların mövcud olduğu güman edilən Yupiter və Saturnun peykləri – Avropa, Qanimed və Enseladda da ola biləcəyini ehtimal edirlər.
