Əsəd tərəfdarları ölümcül döyüşə başladı | Sakin yaşadıqları dəhşəti danışdı
Bəşər Əsəd rejiminin devrilməsindən bir ay ötməsinə baxmayaraq, Suriyada vəziyyət hələ də gərgin olaraq qalır.
Bir tərəfdən ölkənin hazırkı faktiki rəhbəri Əbu Məhəmməd əl-Colani, Əhməd əl-Şaraa yeni hökuməti formalaşdırmağa çalışdığı halda digər tərəfdən də məğlubiyyətlə barışa bilməyən B.Əsəd tərəfdarları demək olar ki, hər gün silahlı insident törədirlər.
Özlərini “Əsədilər” adlandıranlar dağlara çəkilərək partizan savaşı başladıblar. Bu da azmış kimi sıx məskunlaşma ərazilərində sakinlərin evlərini uçuraraq Əbu Məhəmməd əl-Colaninin hakimiyyətə gələcəyi təqdirdə Suriya ərazisində müharibələrin səngiməyəcəyi mesajını verirlər. Bu durumdan narahat olan əhali isə ölkədaxili xaosun yeni müharibəyə yol aça biləcəyindən ehtiyat edir.
“Hamı geri qayıtmaq istəyir, amma necə? Bizə kömək, pul, iş lazımdır. Suriya hakimiyyəti bunu təkbaşına edə bilməyəcək. Bizə dünya ölkələrindən dəstək lazımdır. Yaşadığın, böyüdüyün ərazilərə geri qayıdırsan və heç nə tapmırsan. Şəhərləri xaraba halında görürsən. Ölkəni viran qoyan isə B.Əsəd rejiminin tərəfdarlarıdır. Onlar bilərəkdən evlərimizi dağıdır, bizi güclə onlara yardım etməyə vadar edirlər. Razı olmayanları isə gözlərini qırpmadan öldürürlər”, – deyə Suriya sakini söyləyib.
Xatırladaq ki, Suriyada Bəşər Əsədin hakimiyyəti 2024-cü il dekabrın 8-də müxalifət qüvvələrinin koalisiyası tərəfindən devrilib. Bu hadisə 50 ildən çox davam edən B.Əsəd sülaləsinin hakimiyyətinə son qoyub. 13 ildən çox davam edən vətəndaş müharibəsi “Heyət Təhrir əş-Şam” lideri Əbu Məhəmməd əl-Colaninin rəhbərliyində üsyançıların qələbəsi ilə yekunlaşıb. Suriyadakı müvəqqəti hökumətin ölkəni düşdüyü bataqlıqdan necə çıxaracağı isə zamanla bəlli olacaq.