Liderlərdən diqqətçəkən açıqlamalar | ABŞ və Çin münasibətlərində dönüş nöqtəsi yaşanır? - Baku TV
ABŞ Prezidenti Donald Tramp Pekində Çin lideri Si Cinpinlə görüşüb.
Si Cinpin görüşün əvvəlində Trampla hər iki ölkə və bütün dünya üçün maraqlı olan məsələləri müzakirə etmək, gələcək əməkdaşlıqda yeni bir səhifə açmaq niyyətində olduğunu bildirib.
Çin lideri qeyd edib ki, beynəlxalq vəziyyət qeyri-sabit və gərgin olaraq qalır və bəşəriyyət yeni tarixi yolayrıcındadır:
“Çin və ABŞ dövrün çağırışlarına birgə cavab verməlidir”.
Qeyd olunub ki, Çin və ABŞ-nin ortaq maraqları fikir ayrılıqlarından daha çoxdur və bir ölkənin uğuru digəri üçün fürsətə çevrilməlidir.
O, Pekin və Vaşinqtonun rəqib deyil, tərəfdaş olmalı, qarşılıqlı rifahı təşviq etməli və böyük güclər arasında birgəyaşayış üçün düzgün model tapmalı olduğunu vurğulayıb.
ABŞ Prezidenti də öz növbəsində bəzilərinin hazırkı görüşü “bəlkə də, tarixin ən böyük zirvə görüşü” adlandırdığını qeyd edib.
Tramp ABŞ və Çin arasındakı münasibətlərin əvvəlkindən daha yaxşı olacağına əminliyini ifadə edib:
“Çətinliklərlə qarşılaşdığımız zaman həmişə onları dəf etməyi bacardıq. Birlikdə parlaq gələcəyimiz var”.
Beləliklə, Çin Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında Pekində keçirilən görüş başa çatıb. Böyük Xalq Yığıncaqları Zalında baş tutan görüşdə həmçinin “Tesla” və “Apple” da daxil olmaqla ABŞ-nin bir neçə böyük şirkətinin rəhbərləri də iştirak edib. Danışıqların iki saatdan bir qədər çox davam etdiyi bildirilib.
