Trampın prezidentliyi Avropa liderlərinin illüziyalarını dağıdıb
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Trampın ikinci prezidentlik müddətinin ilk ili Avropa liderlərinin Vaşinqtonla bağlı son illərdə formalaşdırdığı bütün illüziyaları dağıdıb.
“Politico” nəşrinin ekspertlərə istinadən yazdığı məqalədə Avropada artıq Trampın idarə oluna bilən və ya nəzarətdə saxlanıla bilən siyasətçi olduğu fikrinin qalmadığı bildirilir.
Qəzetin qiymətləndirməsinə görə, Trampın Avropa İttifaqına qarşı sərt ritorikası, müttəfiqlərə yönələn təhdidləri və Rusiya lideri Vladimir Putinlə yaxınlaşması Aİ daxilində parçalanmanı dərinləşdirib və transatlantik alyansı zəiflədib.
Məqalədə qeyd olunur ki, bu proseslər fonunda Ukraynanın gələcəyi 2026-cı il ərəfəsində qeyri-müəyyən olaraq qalır. Avropa ölkələri isə öz təhlükəsizlikləri barədə daha çox düşünməyə başlayıblar. Xüsusilə Putinin ambisiyalarının Ukrayna ilə məhdudlaşmaya biləcəyi ehtimalları narahatlıq doğurur.
“Politico” yazır ki, Avropa İttifaqı vəziyyətə qismən uyğunlaşmağa çalışıb. Aİ ABŞ-nin yeni gömrük rüsumları ilə razılaşıb, NATO çərçivəsində müdafiə xərclərini artıracağına söz verib və Ukraynaya 90 milyard dollar məbləğində kredit ayrılması barədə razılıq əldə edib. Tramp isə Avropanın bu yardımın maliyyə yükünü öz üzərinə götürəcəyi şərti ilə Kiyevə hərbi dəstəyin davam etdirilməsinə razılıq verib.
Bununla yanaşı, ABŞ-nin yeni milli təhlükəsizlik strategiyasında Avropanın siyasi mərkəzi açıq şəkildə “etibarsız müttəfiq” kimi təqdim olunur. Məqalədə xatırladılır ki, Tramp Aİ ölkələrində seçkilərə mümkün müdaxilə ehtimalını da istisna etməyib və Qrenlandiyanı ABŞ-nin nəzarətinə götürmək istəyi barədə yenidən danışıb.
Ekspertlərin qənaətinə görə, 2026-cı ilə doğru Avropa “ən pis ssenarilərə hazırlaşmalı” olacaq. Onların fikrincə, ABŞ və Avropa İttifaqının strateji maraqları getdikcə daha açıq şəkildə bir-birindən uzaqlaşır.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
