DTX-dən mühüm əməliyyat | Ermənilərə işləyən Zahirəddin İbrahimov nələri etiraf etdi?
Yeniliklərdən dərhal xəbərdar olun
Son günlərdə Ermənistan seqmentinə aid media qurumları Rusiya vətəndaşı Zahirəddin İbrahimovun Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyat tədbirləri ilə ələ keçirilərək Bakıya aparıldığını yayımlayır.
“Report” xəbər verir ki, Azərbaycandakı etnik azlıqların hüquqlarının müdafiəsi komitəsinin sədri kimi təqdim edilən Zahirəddin İbrahimov Yekaterinburq şəhərində yaşayıb, uzun illər Ermənistanın paytaxtında təşkil edilən saxta tədbirlərdə Azərbaycan əleyhinə çıxışlar edib.
O, 2005-2020-ci illərdə Ermənistanda keçirilən qondarma konfranslarda Azərbaycan əleyhinə saxta ittihamlar səsləndirib, qərəzli bəyanatlar verib. Azərbaycanda separatizmi alovlandırmaq məqsədilə Ermənistanın müvafiq strukturlarının tapşırıqlarını yerinə yetirib.
Bir müddət əvvəl məsələ ilə bağlı mətbuata açıqlama verən vəkil Səyyarə Əliyeva müvəkkili olduğu Zahirəddin İbrahimovun həqiqətən DTX-nin istintaq təcridxanasına yerləşdirildiyini təsdiq edib.
Bildirib ki, Zahirəddin İbrahimov dindirilərkən Ermənistanla əlaqələrini və digər məsələləri etiraf edib. Rusiya vətəndaşı olan Zahirəddin İbrahimovun ələ keçirilərək Azərbaycana gətirildiyi xüsusi əməliyyat tədbirlərinin detalları hələ ki ictimaiyyətə açıqlanmayıb. Lakin onun da Ruben Vardanyan və Araik Arutyunyan kimilərlə yanaşı, DTX-nin istintaq təcridxanasında saxlanıldığı, Azərbaycanın ərazi bütövlüyü əleyhinə yönələn cinayətlərə görə digərləri kimi cavab verəcəyi artıq məlumdur.
“Konstitusiya və Suverenlik İli” elan edilmiş 2025-ci ildə uzun müddət ərzində düşmən dövlətin separatizm təbliğatının əsas aləti olan Zahirəddin İbrahimovun ələ keçirilərək ölkəyə gətirilməsi dövlətimizin konstitusiya quruluşu və ərazi suverenliyi əleyhinə iş aparmağa cürət edən hər kəsə aydın bir mesajdır.
