Kafedəki mübahisə qanla bitdi | 18 yaşlı gəncin məhkəməsində hansı qərar verildi?
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtda qəsdən adam öldürməkdə təqsirləndirilən Həsən Kazımovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmir Rüstəmovun sədrliyi ilə keçirilən son prosesdə hökm oxunaraq Həsən Kazımov 10 il azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Həsən Kazımovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.
İttihama əsasən, Həsən Kazımov 2024-cü il noyabrın 16-da saat 22:30-da Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 1 ünvanında yerləşən kafeyə daxil olmaq istədiyi zaman Ümid Soltanov, Adil İsmayılov və digər şəxslərə yüksək səslə danışaraq nalayiq ifadələr işlətmələrinə irad bildirib. Bu zaman onunla Adil İsmayılov arasında mübahisə yaranıb və əlbəyaxa olublar. Ardınca o, Ümid Soltanovla da mübahisə edib və əlbəyaxa dava davam edib.
Hadisə zamanı Həsən Kazımov üzərində gəzdirdiyi ov bıçağı ilə Ümid Soltanovun qarın nahiyəsinə zərbə endirib. Aldığı xəsarətlərdən Ümid Soltanov xəstəxanada dünyasını dəyişib.
İstintaq zamanı Həsən Kazımov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Onun sözlərinə görə, hadisə 8 nəfərin onunla mübahisə edib əlbəyaxa olmasından sonra baş verib.
Həsən Kazımova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə yanaşı, bir neçə digər maddələr üzrə də ittiham irəli sürülüb.
Qeyd edək ki, qətllə bağlı şübhəli şəxs qismində saxlanılan 2007-ci il təvəllüdlü Həsən Kazımov barəsində həbs qətimkan tədbiri seçilərkən yetkinlik yaşına çatmadığı üçün o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş penitensiar müəssisəsində saxlanılıb.
#Qətl hadisəsi teqi istifadə olunub
- "Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- "Səs-küyə çıxdıq ki..." | Üç tanışın arasında yaranan münaqişə faciə ilə nəticələnib - Baku TV
- Tovuzda tanışlar arasında mübahisə ölümlə nəticələnib - Baku TV CANLI
- Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI
