Onunla barışmaq istəməyən keçmiş arvadını qətlə yetirdi | Məhkəmə qərarı
Yeniliklərdən dərhal xəbərdar olun
2023-cü il aprelin 18-də çoxsaylı bıçaq xəsarətləri alan Amilə Vəliyeva özəl klinikaya çatdırılıb.
Polis əməkdaşları onu bıçaqlayan keçmiş əri Samil Əliyevi elə hadisə yerində saxlayıblar. Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb.
İstintaqla müəyyən edilib ki, aprelin 17-də Amilə Vəliyeva keçmiş əri Samil Əliyevə zəng edərək ondan nikahda olduqları dövrdə aldığı qızıl sırğalarını qaytarmasını tələb edib. Samil sırğanın əvəzinə 100 manat pul verəcəyini vəd edib.
Qadına səhəri gün saat 14:30-da Sarayevo küçəsində yerləşən "Bakı" kinoteatrının yanında görüşməyi təklif edib. Ayın 18-də görüşəndə o, keçmiş həyat yoldaşına barışmaq istədiyini bildirib. Amilə onunla barışmayacağını deyərək evə qayıtmaq üçün avtobus dayanacağına gedib. Samil isə qadının arxasınca düşərək israrla onunla barışmasını istəyib. Bundan sonra aralarında mübahisə yaranıb, keçmiş ər üzərindəki ov bıçağı ilə öldürmək məqsədilə qadının müxtəlif nahiyələrinə 10 dəfə zərbə endirib. Ətrafdakı şəxslər Samil Əliyevi zəzərsizləşdiriblər, Amilə Vəliyeva isə tibb müəssisəsinə çatdırılıb, həyatı xilas edilib.
Hadisə şahidlərinin sözlərinə görə, Samilin məqsədi məhz qadını öldürmək olub.
Amilənin atası ifadəsində göstərib ki, qızı yoldaşından ailəsinə baxmadığı, onu döydüyü, təhqir etdiyi üçün boşanıb. Ancaq nikah pozulandan sonra da Samil Amiləni rahat buraxmayıb, bununla bağlı bir neçə dəfə polisə müraciət ediblər.
Məhkəmə iclasında Amilə keçmiş ərini bağışlamadığını və ona qanunamüvafiq cəza təyin edilməsini xahiş edib. Samil Əliyev isə ittiham üzrə özünü qismən təqsirli bilib.
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
