AYNA-dan saxtakarlıq edən taksi sürücülərinə xəbərdarlıq
Sifariş edilən və ünvana gələn taksilərin fərqli olması ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən taksi sifarişi operatorları ilə görüşlər keçirilib.
Bu barədə AYNA-dan məlumat verilib.
Bildirilib ki, onlara bu kimi halların qarşısını almaq üçün proqram təminatının verdiyi üstünlüklərdən istifadə edərək preventiv tədbirlərin görülməsi tapşırılıb:
“Sərnişinlərdən taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı AYNA-nın “141” Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən müraciət etmələri və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumat vermələri xahiş olunur”.
Qeyd edilib ki, AYNA informasiya sistemində “E-taksi” alt sistemi mövcuddur:
“E-taksi” alt sistemi vasitəsilə sifariş ötürülən nəqliyyat vasitələri, onların sürücüləri, həmçinin iş saatı barədə məlumatları görmək mümkündür. Operatorlar icazəsi olmayan maşına və sertifikatı olmayan sürücüyə sifariş göndərə bilməzlər. Sifariş ötürüldüyü təqdirdə həmin qayda pozuntuları “E-taksi” alt sistemində əks olunur. Bununla da taksi sifarişi operatorları və daşıyıcılar barəsində inzibati tənbeh tədbirləri görmək mümkündür”.
