Əlillər protez və tibbi ləvazimat çatışmazlığından şikayət edir - Baku TV
Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasında texniki reabilitasiya vasitələri mühüm rol oynayır. Əlil arabası, protez, eşitmə cihazı və digər bu kimi vasitələr müvafiq qiymətləndirmə əsasında dövlət hesabına vətəndaşlara təqdim edilir.
Lakin Baku TV-nin qaynar xəttinə daxil olan müraciətlər göstərir ki, bu mexanizmlər hər zaman gözlənildiyi kimi işləmir.
Şikayətçilərin sözlərinə görə, bəziləri əlil arabası və ya protez üçün aylarla, hətta illərlə gözləməli olur. Müalicə və reabilitasiya xidmətlərindən yararlanmaq istəyənlərin bir qismi isə uzun növbələr səbəbindən xidmətə vaxtında çıxış əldə edə bilmədiklərini bildirirlər.
“Birinci qrup əlilliyim var, hər iki ayağımdan əliləm. Təxminən 11 aydır müalicə ala bilmirəm. Heç olmasa, altı aydan bir müalicə imkanımız olsa, aldığım pensiyanı ağrıkəsici dərmanlara və iynələrə xərcləmərəm. Ağrıkəsicilərdən mədəm də zədələnib.
Mən müalicə olunmalıyam, bununla bağlı müraciət də etmişəm. Amma bir ildir müraciətimə baxan yoxdur, cavab vermirlər. Heç bir dərmanı dövlət hesabına almıram, hamısını öz vəsaitimlə aptekdən alıram. Bir neçə dəfə müraciət etmişəm, amma "mümkün deyil" cavabını veriblər.
Son vaxtlar sığorta ilə bağlı müəyyən xidmətlərin göstərildiyini eşitmişəm. Gedib müraciət edirəm, amma nə nəticə var, nə də konkret cavab. Hətta elə danışırlar ki, insan müraciət etdiyinə peşman olur”, – deyə şikayətçilərdən biri bildirib.
